Beyləqan rayon Mərkəzi kitabxanası

Beyləqan rayon MKS
Xəbərlər
30 Dekabr , 2015

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə respublikamızın mədəniyyət və turizm ictimaiyyətini təbrik edib.

Təbrikdə deyilir: “Xalqımız və dövlətimiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2015-ci ildə dünyada və əhatəmizdə olan geniş bir coğrafiyada cərəyan edən, müəyyən təsirləri Azərbaycandan da yan keçməyən qlobal maliyyə-iqtisadi böhrana, məlum çətinliklərə rəğmən ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində və turizm sektorunda inkişaf tempi davam etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində təmin olunan sosial-iqtisadi tərəqqi, o cümlədən regionların inkişafı, ölkəmizin xarici əlaqələrinin, beynəlxalq təşkilatlarda nüfuzunun möhkəmləndirilməsi həyata keçirilən mədəniyyət layihələrində də özünü göstərmişdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq festivallar, sərgilər mədəniyyət və incəsənətimizi təbliğ etmək, yeniləşən paytaxtımızı və bölgələrimizin gözəlliklərini dünyaya tanıtmaq baxımdan əlamətdar vəsilə olmuşdur. 2015-ci ildə Azərbaycanda böyük idman bayramı - Birinci Avropa Oyunları keçirilmiş, bu genişmiqyaslı tədbir sayəsində xalqımızın çoxəsrlik tarixi və zəngin mədəniyyəti, qonaqpərvərliyi bir daha dünyaya nümayiş etdirilmişdir”.

Təbrikdə qeyd olunur ki, son illər ölkə rəhbərliyinin diqqət və qayğısı turizm sənayesinin genişlənməsinə zəmin yaratmışdır. Bu gün turizm Azərbaycanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir. Həyata keçirilən infrastruktur layihələri, paytaxtımızda və regionlarda yeni turizm-istirahət mərkəzlərinin, hotellərin, xidmət obyektlərinin istifadəyə verilməsi həm daxili turizmin inkişafına, həm də xarici turistlərin ölkəmizə marağının artmasına səbəb olur. Bu sahədə aparılan dövlət siyasəti nəticəsində respublikamızda yay turizm növləri ilə yanaşı, qış turizmi də uğurla inkişaf etdirilir. 2015-ci ildə Azərbaycanın turizm imkanları müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir.

Nazirin təbrik müraciətində ölkəmizin tolerantlıq məkanı, multikulturalizm örnəyi kimi artan rolundan da bəhs edilir. Vurğulanır ki, Azərbaycanın multikulturalizm mərkəzi kimi rolu dünyada yüksək qiymətləndirilir. Bu il paytaxtımızda 3-cü dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının – İSESCO-nun Baş Konfransının və İcraiyyə Şurasının toplantıları bunu bir daha sübut etdi. Qeyd olunur ki, ölkəmizin dünyada layiqincə tanıdılmasında, mədəni irsimizin qorunub zənginləşdirilməsində, xalqımızın qonaqpərvərlik ənənələrinin yüksək səviyyədə nümayiş etdirilməsində mədəniyyət və turizm sahələrində çalışan minlərlə vətəndaşımızın böyük rolu və əməyi vardır.

Təbrikdə daha sonra deyilir: “Artıq neçə ildir ki, Azərbaycan xalqı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız yeni təqvim ilinin gəlişini ikiqat bayramla qeyd edir. Bu günlər vətən təəssübkeşliyi, milli-mənəvi dəyərlərə ehtiram və həmrəylik kimi nəcib hisslər bizi bir-birimizə daha möhkəm bağlayır. 2016-cı ildə ölkəmizin həyatında, eləcə də mədəniyyət sahəsində, turizm sektorunda mühüm hadisələr, yeniliklər, tədbirlər gözlənilir. Respublikamızın mədəniyyət və turizm sahələrində çalışan bütün insanlarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər kəsə ailə səadəti, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram”.